Pəncərə

Səhv xatırlamıramsa, onu sonuncu dəfə  2 il əvvəl görmüşdüm.

İmişlidə yayın qızmar günlərindən biri idi.

Günün günorta çağı bu düzən, yarım-səhra və şoran torpaqlı yollardan keçib gedərkən yumşaq ayaq səslərinin eşidildiyi səssizlik hələ də qulaqlarımdadır. Bir dənə də ağac bitməyən, bu kölgəsiz yollar günün müəyyən vaxtı tamam ucqar, tərk edilmiş yaşayış yerinə bənzəyir.

Sükutu, səssizliyi, tənhalığı, yalnızlığı və təkliyi xoşlayıram. Belə anlar həmişə xatirimdə dərin izlər buraxır.

Yol boyu uşaqlıqda böyük, enli, geniş və əlçatmaz görünən küçələrin, hasarların, darvazaların, gur sulu vaxtlarındakı halı itirmiş arxların necə də kiçildiyini müşahidə etmək qəribə gəlirdi. Bir tərəfdən bu yerlər doğmadır, digər tərəfdən yadlaşdığımı hiss etməmək olmur. “Mən artıq bu yerlərin insanı deyiləm” kimi öz-özümə danışırdım.

Darvaza həmişəki darvaza olmasına baxmayaraq,  bir başa həyətə girməyə cəsarət etmədim. İcazə almaq üçün qapını döydüm. Yenə döydüm. Hay gəlməyincə məcburən qapını itələyib həyətə keçdim.

Həyətdə gəzişən toyuqları saymasaq, bura darvazanın o tayından heç də fərqlənmirdi. Ürəyimdə yalvarırdım ki, kimsə çıxıb məni qarşılasın. Bu anda dayım qızı pəncərədən boylanıb mənə baxdı. Bir az karıxmış oldu, ancaq özünü itirməyib “Baba, xoş gəlmisən” dedi.

Onun həmişəki otağında olduğunu düşünüb ora getdim.

O, tək idi. Şux vəziyyətdə, yatağında oturmuşdu. Çox arıqlamışdı, cansız görünürdü. Yarının ölümündən sonra ona həyat yox idi. Kimsə ona həyat verə bilərdimi? Mən vermirdim.

Önündə oturacaq vardı. Otucağın üstündə armudu stəkan və nəlbəki, bir qutu siqaret, kibrit və kül qabı və qol saatı vardı. Ölümü gözləyən bir qoca üçün bundan savayı nə lazımdır? Öz-özümə sual verdim. Çay, siqaret və saat.

Bunu ürək ağrısı ilə seyr edirdim. Nəsə edə bilmirdim.

Onunla söhbətlərin məzmununu xatırlaya bilmirəm. Həm zəif eşidirdi. Məni çox çətin tanıyırdı. bəlkə tanımırdı da heç. Çox az danışırdı. Onu bilirəm ki, vəziyyətindən də şikayət etmirdi. Ən azı bunu dilinə gətirmirdi. Mən isə bunu hiss edə bilmirdim.

O, elə hey qamətini dəyişmədən, qocalığın bu yaşında belə belini bükmədən önünə düz baxırdı. Hara baxırdı? Niyə baxırdı? Nə üçün baxırdı? Nə fikirləşirdi? kimi sullarım cavabsız idi.

Onun çarəsizliyini hiss edirdim. Bu hiss ilə mən də çarəsizliyə düşürdüm.

Onun baxdığı istiqamətin sadəcə şəkilini çəkə bilmişdim.

Pencere
O pəncərə

Öz rəngini, çərçivəsini qoruyub saxlamış, el dilindəki dədə-baba evinin taxtadan düzəldilmiş pəncərəsi. Uşaqlıq yaddaşımda bu pəncərənin önü qohum-əqrəba və qonum-qonşu ilə qaynayardı, hal-əhval tutulardı, yemək süfrəsi acılardı, şam işığı altında söhbətlər gedərdi. Isti, canlı, həyat dolu idi. Otaq yaşayırdı. İnsanlar qayğılanar, dərd çəkər və ümid edərdilər.

Ola bilsin bu pəncərdə o, keçmiş vaxtlara qayıdıb həmişə oturub ona baxan yarını görürdü.

Başqa bir vaxt onu həyətdəki böyük bağçanın uzaq küncündə oturan tapmışdım. Bağ baxımsızlıqda çılpaq idi. Bağın bu tərəfində yalnız və yalnız bir söyüd ağaçı vardı. Onun kölgəsində isə kiçik oturacaq vardı.  O, kicik oturacaqda söyüdün kölgəsinə, bağın keçmişdən qalan hörmətinə sığınmışdı. Bu bağça da həmişə bərəkətli, meyvə ağacları ilə dolu, sulu, əkilib becərilən idi. Kölgəsində oturmaq üçün üzüm budaqları ilə ötülmüş çardağı vardı.

İndi isə bunların heç biri yoxdur. Artıq Ziyad babam yoxdur.

Dünən içimdən babamı görmək hissi keçdi. Fikirləşdim ki, ölkədə vəziyyət düzəlsə gedib onu görəcəm.

Bu gün isə 30 mart 2020-ci il saat 5-də qardaşım babamın günorta saat 12-də öldüyü xəbərini verdi.

Keçən ay rayonda olarkən onu görməyə gedə bilməmişdim, onun xəbərini eşitdirmək məni çox sarsıtdı.

Epiloq.

Son vaxtlar mənə elə gəlir ki, uşaqlıq vaxtı ana tərəfdən baba və nənəmə nəvə ola bilməmişəm. Onları nənəm və babam kimi sevməmişəm.

İndi durduq yerdə bu sevib-sevməmək məsələsi niyə çıxdı ortaya. Fikirləşirəm bütün bunlar son 10 il həyatımda baş verən dəyişikliklərə bağlıdır. Fərqli, özümə xas səbəblərdən dəyişirəm xasiyyətcə. Yeni hal alıram.

Güllü nənəmi çillərinə, yumru sifətinə, az da olsa balaca boylu olmasına görə xoşlamamışam. Ümumiyyətlə, o keyfiyyətləri özüm üçün ümumiləşdirib elə insanları xoşlamamışam. Maraqlısı odur ki, özüm ən çox Güllü nənəmə oxşamışam. Məslən saçlarımın rəngi, qalınlığı, burnum üzərindəki çillər və uşaqlıq illərində yumru sifət olmağım. Onlardan uzaq qaçmışam. Əslində isə özüm-özümü rədd edib özümdən qaçmışam.

Amma ki, nənəmin uzun, səliqəli hörülmüş qırmızı saçları həmişə diqqətimi çəkib. Onu xoşlamamağımın əsas səbəbi də heç onun özü və şəxsi xususiyyətləri ilə bağlı deyildir. Bu, heç mənim hissələrimlə də birbaşa bağlı deyil. Nənəm heç vaxt, heç bircə dəfə də olsa üstümə qışqırmayıb, mənə toxunmayıb, hirslənməyib. O da düzdür ki, nənəm və ya babamın məni qucaqlayım əzizlədiyini və ya qayğı göstərməklərini də xatırlamıram.

Burda əsas məsələ onu, uşağı bir öyrədənin olmasıdır. Uşaq öz-özünə nə bilir nifrət hissi nədir. 

Hər nə olursa olsun yaşa dolduqca başıma düşüb ki, bu yaxşı hal olmayıb. Keçmişə baxaraq o günləri xatırlayarkən o vaxtkı özümü xoşlamıram. Ancaq indiki xoşlamamaq, o vaxtkı xoşlamamaq deyil. Öz daxili aləmimdə narahatam. Bu rahatlığı yəqin ki, heç vaxt tapa bilməyəcəm. Ancaq indi fərqli ola bilərəm. İndi ki, iş hal belədir, onlara da çox diqqət yetirməliydim. Onlarla olan xatirələrimi çoxaltmalıydım. 

Ona görə rayonda olarkən babamı ziyarət etmək etməli olduğu işlərdən biri idi. Yarıtmazlığım…

Ancaq artıq gecdir. Bundan sonra faydam…Dayan e nə fayda, fayda salmısan. Belə anda özümə yazığım gəldi…

Bakı, 30 Mart 2020.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s