Qərb memarlığının şərqdəki hekayəsi: Bakı və art nuvo

Art-Nouveau architecture in Baku

Read this blog in English.

Müəllif: Qanı Nəsirov | www.ganinasirov.com


Neft şəhəri və müasirliyin əlamətləri

Bakının tarixi mərkəzi Yaxın Şərqdəki orta əsrlər və islam şəhərsalma prinsiplərinə uyğun formalaşmışdır. “İçərişəhər” adlanan bu mərkəz bazar meydanı, məscid, hamam, inzibati və yaşayış binalarından təşkil edilərək labirintvari küçələri olan məhəllələrdən ibarət idi. Lakin XIX əsrin sonunda neft sənayesinin inkişafı, sənayeləşmə, insan həyatının mexanikləşməsi və şəhərin demoqrafiyasında baş verən dəyişikliklər Bakının metropol neft şəhərinə çevrilməsinə gətirib çıxardı.

Sənayenin inkişafı nəticəsində Bakı 1901-ci ildə dünya üzrə neft hasilatında əsas mərkəzlərdən birinə çevrildi: 1883-cü ildə Bakının Qara dəniz vasitəsilə dünya okeanına çıxışını təmin edən dəmir yolu salındı və 1907-ci ildə o dövrün ən uzun neft boru kəməri (Bakı-Batum) işə düşdü. 1878-ci ildə neftin dünya üzrə daşınması üçün ilk neft tankeri “Zərdüşt” (“Zoroaster”) istifadəyə verildi. 1898-ci ildə Aleksandr Mişon neft fontanında baş verən yanğını çəkərək dünyada ilk filmlərdən birini lentə aldı. Həmçinin 1898-ci ildə möhtəşəm Aleksandr Nevski kafedralının inşası sona çatdı. Bütün bu hadisələr cəmiyyətə və şəhər mühitinə böyük təsir göstərirdi.

Alexander Nevsky Catherdral in Baku
Aleksandr Nevski kafedralının fasadı.
Memar: Robert Marfeld. Tikinti üzrə mühəndis: İosif Qoslavski. Tikilmə tarixi: 1888-1898.
Şəkil: http://www.pravoslavie.az

Avropalı sənayeçilər, o cümlədən Rotşild ailəsi, Nobel qardaşları, “Shell” (The “Shell” Transport and Trading Company) və “Royal Dutch” (Royal Dutch Petroleum Company) şirkətləri neft sənayesində inqilabi dəyişikliklərə nail oldu. İnsan həyatının mexanikləşdirilməsi və şəhərləşmə (urbanizasiya) sürətləndi, istehlakçılar mühüm qərarların qəbul edilməsində daha çox söz sahibi oldular, fərdi seçimlər üçün tələb artdı və Bakıda çıxarılan neft beynəlxalq ticarətin əsas istehlak məhsullarından birinə çevrildi.

Neft sənayesi və şəhərləşmənin transformasiyaedici xüsusiyyətləri və daha yaxşı gələcək üçün bu bölgəyə axın edən müxtəlif xalqların yaratdığı dinamiklik Bakını daim inkişaf edib dəyişən metropolisə çevirdi.

19-cu əsrdə Bakıdakı neft buruqlarında müşahidə edilən neft fontanları, sənədli şəkillər
Bakıda neft fontanı, 19-cu əsr
19-cu əsrdə Bakıdakı neft buruqlarında müşahidə edilən neft fontanları, sənədli şəkillər
Bakıda neft fontanı, 19-cu əsr
19-cu əsrdə Bakıdakı neft buruqlarında müşahidə edilən neft fontanları, sənədli şəkillər
Bakıda neft fontanı, 19-cu əsr

Əhalinin sayı təxminən 1850-ci ildə 7 min nəfərdən 1913-cü ildə 214 min nəfərə qədər artdı. Bakı həmçinin kosmopolit şəhərə çevrildi: şəhər əhalisi tatar (azərbaycanlı), rus, erməni, yəhudi, polyak və almanlar kimi müxtəlif qruplardan təşkil olunmuşdu. Neft sənayesi Bakıya çoxlu sayda fəhlə və mütəxəssislər də cəlb etdi. Bu axın şəhərin sosial və iqtisadi quruluşunu əhəmiyyətli dərəcədə dəyişdirdi.

Oil fields of Baku
XIX əsrdə Bibiheybətdəki neft yataqları. Şəkil: bakucity.preslib.az
Oil Refinery in Baku
Qara şəhərdə Rotşild ailəsinin neft şirkətinə (BNİTO) məxsus neft emalı zavodu. Şəkil: bakucity.preslib.az
Oil Boom and Industrial Development in Baku
Qara şəhərdə Nobel qardaşlarının şirkətinə (“Branobel”) məxsus neft emalı zavodu. Şəkil: bakucity.preslib.az

Bu dəyişikliklər nəticəsində Bakı orta əsrlərə və Şərqə məxsus qala olmaqdan çıxıb Qərb şəhərsalma prinsiplərinə əsaslanan müasir həyat tərzini əks etdirən Avropa şəhərinə çevrildi.

Art-nuvo memarlığının qısa tarixi

Art-Nouveau Architecture in Paris
Parisin möhtəşəm art-nuvo abidələrindən biri olan Lavirott binası. Memar: Juls Lavirot. Tikilmə tarixi: 1899-1901. Şəkil: en.idei.club

XIX əsrdə Avropada neoklassik və tarixən mövcud olan memarlıq üslublarının təqlidi hakim idi. Klassik memarlıq təqlid edilərkən müxtəlif üslubların istifadəsi nəticəsində eklektika ortaya çıxmışdı. Art-nuvo bütün bunlara qarşı məqsədyönümlü reaksiya idi. Yeni nəsil memarlar həqiqi yeni üslub və memarlıq ənənəsi yaratmağa çalışırdılar. Bu yeni üslub Belçikada “L’art moderne” (“modern incəsənət”), Fransada “L’art nouveau” (“yeni incəsənət”), Almaniyada “Jugendstil” (“gənc üslub”), Avstriyada “Sezessionstil” (“azad olunan stil”) və İspaniyada “Modernismo” (“modernizm”) adlandırıldı. Mövcud olan memarlıq ənənələrini rədd edən art-nuvo üslubu 1890-cı ildən 1910-cu illərə qədər geniş istifadə edildi. Qeyd edilən dövr üçün Azərbaycan memarlığı kontekstində bu memarlıq üslubuna modern memarlıq demək olar.

Bu memarlığın əsas prinsipləri tikilinin inşaatındakı asimmetriya, fasad və interyerdə istifadə edilən ornamentallıq, dekorativlik idi. Bu üslubun şəkil və formasını səciyyələndirən cəhətlər bükük əyri xətlərin üstünlüyü, bitkilərin təbii formalarının (yarpaq, ağac budağı, çiçək açan gül) istifadəsi və onların binanın bütöv layihəsinə tətbiqidir.

İstifadə edilən ornamentlər, eksteryer fasad, interyer və mebellər tam harmoniyada olmalı idi. Beləliklə, incəsənət və memarlıq arasındakı sərt sərhədlər silinir və binanın strukturunun ayrılmaz hissəsinə çevrilirdi. Bu cəhətdən yaradılan yeni əsər əsl mənada yeni incəsənət sayılırdı.

Art-nuvo üslubu iki radikal istiqamət üzrə inkişaf etmişdir:

  1. Bükük əyrixətli – təbii bitki formaları (Fransa, İspaniya və İtaliyada geniş yayılmışdır).
  2. Düzxətli – həndəsi və abstrakt formalar (Almaniya, Avstriya, Skandinaviya və Şotlandiya üçün xarakterik idi).

Qeyd edilən istiqamətlər üzrə fərqi müqayisə etmək üçün aşağıdakı şəkillərə baxa bilərsiniz:

Art-Nouveau Architecture in Barcelona, SpainArt-Nouveau Architecture in Glasgow, Scotland
1. Barselonada Antonio Qaudinin layihəsi əsasında inşa edilmiş Kasa Mila. Şəkil: www.nomadepicureans.com. 2. Çarlz Reni Makintoşun layihəsi əsasında inşa edilən Şotlandiya Küçə Məktəbi Muzeyinin binası. Şəkil: Makatir Fotoqrafiya theguardian.com).

Bundan əlavə, art-nuvo şüşə, dəmir və beton kimi yeni materialları da mənimsəyərək cəsarət tələb edən memarlıq formaları və eyni zamanda əyləncəli sınaqları təcrübədən keçirməyə imkan yaratdı. Şüşə və poladdan hazırlanmış strukturlar işığın interyerdə daha bədii istifadəsinə, dəmir elementlər isə eyvan və məhəccərlərdə mürəkkəb naxışlar əldə etməyə gətirib çıxardı. Bütün bunlar hər detalın diqqət və incəliklə işləndiyi, sənətkarların virtuozluğunu nümayiş etdirən sənətkar yaradıcılığına da yol açdı.

XIX əsrin sonlarında yaşayan memarlar keçmişdən gələn hər şeyə qarşı çıxaraq texnologiya və sənaye inkişafı keçən cəmiyyətlərdəki mexanikləşmənin memarlıq sənəti ilə inteqrasiyasına nail oldular. Beləliklə, art-nuvo öz dövrünün müasir memarlığına çevrildi.

Bakının art-nuvo maskaronları

Bakının art-nuvo memarlığı xüsusi təzahürlərin maskaronların kollajı

Art-nuvo nisbətən qısamüddətli cərəyan olsa da, sonrakı memarlıq və dizayn üslublarına dərin təsir göstərmişdir. O, təbii bitki formaları, materialların innovativ istifadəsi və incəsənətin inteqrasiyası ilə XX əsr modernizminin inkişafına da zəmin hazırlamışdır.

Bakının art-nuvo memarlığına baxış

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda əsas memarlıq hərəkatı eklektika idi. Eklektika öz dövrünün tələblərinə uyğun olaraq klassik memarlıqdakı müxtəlif üslubların qarışığıdır. Antik dövrdə yunan-Roma tanrıları və ya müharibələrdə qazanılan qələbələrin şərəfinə inşa edilən möhtəşəm məbədlərdən fərqli olaraq müasir dövrdə memarlar teatr, xəstəxana, kitabxana, muzey, inzibati bina və sənaye tikililəri üçün həll yolları axtarışında idilər. Bu cəhətdən şəhərlərdə formalaşan yeni mühit üçün həll yolları neoklassisizm adlanan memarlıq prinsipləri (simmetriya, sadə həndəsi tənasüblük və klassik gözəllik) əsasında təşkil olunurdu. Şəhərsalma və memarlıq üzrə tədqiqatçı Şamil Fətullayev-Fiqarov Bakıdakı neoklassik memarlığı xüsusilə İtalyan Renessansı dövrünün xüsusiyyətləri ilə əlaqələndirirdi.

Baku Town Hall designed in Neo-Classical style
Bakı Şəhər İcra Hakimiyyətinin binası. Memar: İosif Qoslavski. Tikilmə tarixi: 1900-1904. Şəkil: Facebook /Azerbaijan Art and Architecture

Bakıdakı neoklassik (barokko) memarlığının ən böyük, monumental nümunəsi polşalı memar İosif Qoslavskinin layihəsi əsasında inşa edilən Bakı Şəhər Dumasının (hazırkı Bakı Şəhər İcra Hakimiyyəti) binasıdır. Bu inzibati bina Parisin rayonlarının yerli özünü idarəetmə orqanlarının binası, xüsusilə “Hotel de Vil” (Hôtel de ville de Paris), Paris bələdiyyəsinin memarlığı ilə çox oxşardır.

İosif Qoslavski və 1890-cı illərdə Bakıya köçən digər memarlar Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqdakı memarlıq və inşaat məktəblərinin məzunları idilər. Polyak, alman, erməni, müsəlman və rus mənşəli memarlar müxtəlif memarlıq təsirlərini, o cümlədən art-nuvo üslubunu Bakıya imperiyanın mərkəzi şəhərlərindən öyrənib gətirmişdilər. Bu memarların əksəriyyəti gənc idi və onlar öz bacarıqlarını göstərməyə çalışırdılar.

Design project for a school in Baku. Architect: Józef Płoszko. Source: Shamil Fatullayev, "Urban planning and architecture of Azerbaijan in the XIX and the early XX centuries" (1986)
Bakıda məktəb üçün layihə. Memar: İosif Ploşko. Mənbə: Şamil Fətullayev-Fiqarov, “XIX əsr – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq”

Qeyd etmək lazımdır ki, Sankt-Peterburq İncəsənət Akademiyası və Mülki Mühəndislik İnstitutunda memarlıq üzrə təhsilin inkişafı Berlin və Parisdəki oxşar institutlardan təsirlənmişdir. Təsadüfi deyil ki, almanəsilli rusiyalı mühəndis Nikolay fon der Nonne 1898-1902-ci illərdə Bakının meri olaraq çalışmışdır. O həmçinin 1898-ci ildə forştadtda (O, İçərişəhərin qala divarlarından bayırda qalan əraziyə belə ad vermişdir. Vorstadt alman dilindən tərcümədə “şəhərətrafı ərazi” deməkdir.) şəhərsalmanın əsaslarını müəyyən edən ümumi Baş Plan da hazırlamışdır.

Şamil Fətullayev Sankt-Peterburq ilə paralellər apararaq qeyd edir ki, Bakının böyüməsi memarlıq və şəhərsalma baxımından Sankt-Peterburqun keçdiyi yolu izləyir. Buna görə də XIX əsrin sonunda Bakıda islam prinsipləri əsasında şəhərsalma ənənəsi sona çatmış və onun yerini Avropa prinsiplərinə uyğun inkişaf tutmuşdur.

Profitable House of Musa Naghiyev and Art-Nouveau Architecture in Baku
28 May küçəsi 6-da yerləşən Musa Nağıyevin mədaxil evi. Memar: İosif Ploşko. Tikilmə tarixi: 1908-1910

Bundan başqa, Bakının neft maqnatları şöhrət və nüfuz qazanmaq üçün sərvətlərini əsirgəməmişlər, öz aralarında yarış və rəqabət mühitində Bakıda möhtəşəm, təmtəraqlı və monumental malikanələr inşa etmişlər. İnnovasiya və texnologiyanın inkişafı isə memarların neft maqnatlarının bu növ ambisiyalarını həyata keçirməyinə yardımçı olmuşdur.

Bakının neft maqnatları

İsa bəy Hacınski
Emanuel Nobel
Musa Naghiyev
Alfons Ceyms Rotşild

Sifarişçi qismində çıxış edən neft maqnatları Bakıda ictimai klublar, təhsil və sənaye müəssisələri, banklar, yaşayış evləri və s. kimi yeni tipli və funksiyalı binalar inşa etdirirdi. Bu sifarişçilərin maliyyə imkanları art-nuvo üslubunun müxtəlif versiyalarını ortaya çıxarmağa böyük təsir etmişdir.

Azərbaycan alimləri Bakıdakı art-nuvo cərəyanını “modern memarlıq” adlandırıblar (Elçin Əliyev, Şamil Fətullayev, səh. 394). Bu ondan irəli gəlir ki, Bakıda Avropa klassik memarlığının təkamülünün yoxluğu səbəbindən art-nuvo memarlığını neoklassik memarlığa qarşı reaksiya kimi yox, onu daha çox dövrünün müasir memarlığı kimi görürük. Bakı üçün həm neoklassik, həm də art-nuvo öz-özlüyündə müasirliyin təzahürü idi. “Modern” adı isə ümumi olaraq Rusiya imperiyasının daxilində gedən proseslərin təsirindən meydana çıxmışdır.

Art-Nouveau Architecture in Baku
28 May küçəsi 10-da yerləşən Musa Nağıyevin mədaxil evi. Memar: İosif Ploşko. Tikilmə tarixi: 1908-1910
Profitable House of Musa Naghiyev and Art-Nouveau Architecture in Baku
28 May küçəsi 10-da yerləşən Musa Nağıyevin mədaxil evinin girişindəki maskaron. Memar: İosif Ploşko. Tikilmə tarixi: 1908-1910

Şamil Fətullayev qeyd edir ki, modern (art-nuvo) üslubda olan binalar Bakının memarlıq mənzərəsinə yenilik və yaradıcılıq gətirə bilmişdir. Bu binalar innovativ kompozisiya texnikası, tikililərin strukturunun yenidən düşünülməsi və müxtəlif təmtəraqlı dekorativ təbii bitki elementləri ilə eklektikanın monotonluğuna son qoymuşdur. Bununla belə, bu modern konstruksiyalar binaların xarici görünüşünə bədii canlılıq gətirsə də, onların interyer planları daha çox XIX əsrin ənənəvi məkan və həcm planlaşdırması ilə uyğunluq təşkil edirdi.

Bakının memarları

Yuzef Ploşko
Nikolay Bayev
Qabriel Ter-Mikelov
Yuzef Qoslavski

Nəticə etibarilə Bakıda art-nuvo memarlığının ortaya çıxması şəhərdə baş verən dəyişikliklərin və fərqli mədəniyyətlərin toqquşması sayəsində formalaşmış bir neçə amildən asılı olmuşdur: a) neft sənayesinin inkişafı və bundan əldə edilən sərvət; b) sənayeləşmə və texnologiyanın inkişafı; c) Avropadan gələn mədəni təsirlər və memarlar; d) Bakıda şəhərləşmənin və insan coğrafiyasının transformasiyası.

Art-Nouveau Architecture in Baku
Terlan Əliyarbeyov küçəsi 5-də yerləşən keçmiş Tiflis Kommersiya Bankının Bakı filialı. Memarlar: Anatoli Kalqin və Qavriil Ter-Mikelov. Tikilmə tarixi: 1901-1905
Art-Nouveau Architecture in Baku
Tərlan Əliyarbəyov küçəsi 5-də yerləşən keçmiş Tiflis Kommersiya Bankının Bakı filialının pəncərəsi. Memarlar: Anatoli Kalqin və Qavriil Ter-Mikelov. Tikilmə tarixi: 1901-1905 

Bakıda art-nuvo üslublu memarlıq abidələri

Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Bayramovun araşdırmasına görə, Bakıda art-nuvo üslubunda təxminən 80 ədəd memarlıq abidəsi mövcuddur. Bu abidələrin əksəriyyəti yaşayış evləri, malikanələr, məktəb və ya kommersiya bankları kimi inzibati binalardır. Bundan əlavə, art-nuvo üslubunda dekorasiyalarla bəzədilmiş çoxsaylı fərdi yaşayış və inzibati binalar da var.

Bakının art-nuvo qapıları

Art-Nouveau Architecture in Baku
Art-nuvo üslubunda balkon üçün dekorasiya, Cəfər Cabbarlı küçəsi 2
Bakıda art-nuvo memarlığı, pəncərə dekorasiyası
Art-nuvo üslubunda pəncərə üçün dekorasiya, Hacınskinin evi, Füzuli küçəsi 39
Bakıda art-nuvo memarlığı, pəncərə dekorasiyası
Art-nuvo üslubunda pəncərə üçün dekorasiya, Tərlan Əliyarbəyov küçəsi 14

Bakıda art-nuvo memarlığı, əsasən, binaların fasadında tərtib edilən, balkonlardakı məhəccərlərin bükük əyrixətli təbii bitki motivləri, pəncərə və qapı çərçivələrini bəzəyən ornamentlər və maskaronlarla (pəncərə və qapı açırımlarında, fəvvarələrdə, həmçinin mebel, qab və s.-nin bədii tərtibatında tətbiq olunan insan sifəti və ya heyvan başı şəklində maska və ya dekorativ relyef) fərqlənir. Ənənəvi memarlıq prinsiplərindən imtina edilməsi yunan order üslublu sütunların, klassik pəncərə çərçivələrinin yoxluğunda, simmetriyanın pozulmasında, künclərdə plastikanın təmin edilməsi üçün istifadə olunan kərpic və gips materiallarının, mürəkkəb dekorasiyaların, bükük əyrixətli və təbii bitki ornamentlərinin istifadəsində açıq şəkildə müşahidə edilir. üəyyən zamandan sonra bu növ özünəməxsus ornamentlərin binanın interyer tərtibatında da tətbiqi yeni memarlıq üslubunun yaranmasına səbəb oldu.

Facade Ashumov's Profitable Hosue and Art-Nouveau Architecture in Baku
Hacı Hacıbaba Aşumovun mədaxil evi. Tikilmə tarixi: 1908
Balconies of Baku and Art-Nouveau Architecture in Baku
Bəşir Səfəroğlu və Bül-bül küçələrinin kəsişməsində art-nuvo üslublu eyvan

Bakıda modern memarlığı yerli kontekstə uyğunlaşdıran və tətbiq edən əsas memarlar Nikolay Bayev (1875/78-1952/53), İosif Ploşko (1867-1931) Qavriil Ter-Mikelov (1874-1949) (Atatürk Mərkəzi), Misak Minayeviç Ter-Krikoryants (Hacınskinin evi), Nikolay Efimoviç Marçenko və başqaları olmuşdur. Bu memarların bəziləri haqqında aşağıda bəhs edəcəyik.

Bakıda art-nuvo memarlıq incilərinin layihələrini hazırlayan ən aktiv memarlardan biri polyak İosif Ploşko (1867-1931) idi. O həm İmperiya İncəsənət Akademiyasında, həm də Sankt-Peterburqdakı İnşaat Mühəndisliyi İnstitutunda təhsil almışdır. O, şəhərin sürətlə inkişaf edən memarlıq səhnəsində öz yerini tutmuş, 1907-1910-cu illərdə şəhərin baş memarı kimi fəaliyyət göstərmişdir.

The residence of Kerbelayi Israfil Hajiyev and Arrt-Nouveau Architecture in Baku
Cəfər Cabbarlı küçəsi 10-da yerləşən Kərbəlayi İsrafil Hacıyevin malikanəsi. Memar: İosif Ploşko. Tikilmə tarixi: 1910-1912
Cəfər Cabbarlı küçəsi 10-da yerləşən Kərbəlayi İsrafil Hacıyevin malikanəsi. Memar: İosif Ploşko. Tikilmə tarixi: 1910-1912

Kərbəlayi İsrafil Hacıyevin malikanəsinin fasad ornamentləri

İosif Ploşkonun layihələri modern üslubun zərifliyini və dinamikliyini özündə əks etdirərək Bakının özünəməxsus art-nuvo xarakterinin formalaşmasına töhfə vermişdir. Onun həyata keçirilməmiş və arxivdən çıxan dizayn layihələrinin birində art-nuvo üslubuna olan rəğbətini bükük əyrixətli fasad dizaynı, ritmik pəncərə və giriş qapısının tərtibatı ilə əyani görmək mümkündür.

Şamil Fətullayevin sözlərinə görə, Kərbəlayı İsrafil Hacıyevin sifariş etdiyi və İosif Ploşkonun layihələndirdiyi malikanə “Bakının modern (art-nuvo) memarlığına həsr olunmuş himndir”. Bakı modernizmi (art-nuvo) Moskva və ya Sankt-Peterburq modernizmindən beton və ya suvaq stükkodan istifadəsinə görə fərqlənir. Girişdəki mərmər pilləkənlər, karnizlərin incə, bükük əyri xətləri, tavan lampaları və qapılardakı vitraj pəncərələr kimi interyer elementləri eyni dərəcədə ifadəlidir. Ploşko Hacıyevin malikanəsinin bütöv strukturunda art-nuvo xüsusiyyətlərini asimmetrik şəkildə ifadə etməyi bacarmışdır.

Bakının ən varlı neft maqnatlarından biri olan Musa Nağıyev çoxlu daşınmaz əmlak sahibi idi (“Memories of Baku” / “Bakı xatirələri”, səh. 30-34). Musa Nağıyev və İosif Ploşko Bakıda müxtəlif art-nuvo layihələrinin meydana çıxması üçün sifarişçi və memar qismində əməkdaşlıq etmişdilər. 28 May küçəsi 4, 6 və 10 ünvanlarında Musa Nağıyevin sifariş etdiyi və İosif Ploşkonun layihələndirdiyi üç daşınmaz əmlak (mədaxil evi) mövcuddur.

Art-Nouveau Architecture in Baku
28 May küçəsi 6-da yerləşən Musa Nağıyevin mədaxil evi. Memar: İosif Ploşko. Tikilmə tarixi: 1908-1910
Art-nuvo monogram in Baku
Musa Nağıyevin art-nuvo stilində monoqramı. Memar: İosif Ploşko
28 May küçəsi 6-da yerləşən Musa Nağıyevin mədaxil evinin balkonu. Memar: İosif Ploşko. Tikilmı tarixi: 1908-1910

Bpəncərələri, təbii bitki ornamentləri ilə bəzədilmiş daha iki yaşayış evi tikilmişdir. Bu cəhətdən bu ərazi Bakıda maraqlı art-nuvo binalarının yerləşdiyi məhəllələrdən sayılır.

28 May küçəsi 4 və 6 ünvanlarında yerləşən mədaxil evlərinin fasadı bükük əyrixətli və yarpaq bəzəkli pəncərə çərçivələri və cəlbedici çiçək motivləri ilə bəzədilib. Zərif yarımdairəvi balkon funksiyalı xaricə açılan pəncərələr art-nuvonun fərqli cəhətlərini ortaya qoyur. Binalarda mürəkkəb oyma daşların üzərində işığın və kölgənin qarşılıqlı təsiri sehrli effekt yaradır.

Digər görkəmli art-nuvo memarı Nikolay Bayev idi. O, 1911-1918-ci illərdə Bakının baş memarı kimi nüfuzlu vəzifəni yerinə yetirmişdir. Onun əsərləri Bakıya xas həqiqi art-nuvo ruhunu nümayiş etdirir.

Opera and Ballet Theatre and Art-Nouveau Architecture in Baku
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (əvvəlki adı: Mayılov qardaşlarının böyük opera teatrı). Memar: Nikolay Bayev. Tikilmə tarixi: 1910-1911. Şəkil: havin_hp| public domain

Bayevin dahiliyi sadəcə fasadın bəzədilməsi ilə məhdudlaşmırdı. O, art-nuvo motivlərini və prinsiplərini binaların interyerlərinə də mükəmməl şəkildə tətbiq etməyi bacarmışdır (məsələn, Opera və Balet Teatrı). Dəmir döymə məhəccərlər, vitraj pəncərələr, çiçək, yarpaq motivləri foyelərə, pilləkənlərə və hətta fərdi mənzillərə daxil olaraq binanın strukturu ilə estetikanın vəhdətində cəlbedici bir təcrübə yaratmışdır.

Opera və Balet Teatrını interyeri

Şəhərin baş memarı kimi Bayevin xidmət etdiyi bu dövr olduqca məhsuldar keçmişdir. O, şəhərin memarlıq mənzərəsində silinməz iz buraxmışdır. Onun memarlıq ustalığı bir neçə ikonik binanın layihələrində özünü göstərmişdir.

Bayevin layihəsi əsasında inşa edilən Opera və Balet Teatrı möhtəşəm abidədir və Bakıda art-nuvo memarlığının ən gözəl nümunələrindən biridir. 1910-1911-ci illərdə inşa edilən, müxtəlif opera və balet tamaşalarının keçirildiyi bu teatr binası şəhərin memarlıq irsi və mədəni həyatında önəmli yer tutur.

Teatrın fasadı art-nuvonun səciyyəvi elementləri ilə cəlbedicilik qazanır. Bunun üçün daş, kərpic və şüşə materiallarının qarışığından istifadə edilmişdir. Dolaşıq və bükük əyri xətlər, çiçək motivləri və mürəkkəb həndəsi naxışlar, mifoloji canlıların təsvir olunduğu mürəkkəb oymalar ahəngdar şəkildə binanın layihəsində birləşmişdir.

Teatra daxil olarkən möhtəşəm gözəllik dünyasına şahid oluruq. Auditoriya, səhnə və onun tağı, çilçıraqlar və freskalarla bəzədilmiş zəngin ornamentli tavan bu əsərin möhtəşəmliyini göstərir.

Nikolay Bayev tərəfindən layihələndirilən art-nuvo üslubunun ən gözəl nümunələrindən biri də əvvəllər Şimal və Rus-Kitay Bankı, sonralar Rusiya-Asiya Bankı kimi tanınan binadır. Bina hazırda Azərbaycan Beynəlxalq Bankına məxsus kommersiya ofisi kimi fəaliyyət göstərir. Art-nuvo üslubuna xas qeyri-simmetrik struktura malik binanın fasadı əhəngdaşından hazırlanmış, mürəkkəb oymalarla bəzədilmişdir. Buna misal olaraq binanın istifadə məqsədinə uyğun olaraq yunan ticarət tanrısı Hermesin (Roma mifologiyasında Merkuri kimi tanınır) maskaronunu göstərə bilərik.

Commercial Bank Office and Art-Nouveau Architecture in Baku
Hacı Zeynalabdin Tağıyev küçəsi 3-də yerləşən keçmiş Rusiya-Asiya Bankının Bakı filialının binası (hazırkı Azərbaycan Beynəlxalq Bankı). Memar: Nikolay Bayev. Tikilmə tarixi: 1903-1905
Commercial Bank Office and Art-Nouveau Architecture in Baku
Rusiya-Asiya Bankının Bakı filialının binasının (hazırkı Azərbaycan Beynəlxalq Bankı) fasad ornamentləri
Doors of Baku and Art-Nouveau Architecture in Baku
Rusiya-Asiya Bankının Bakı filialının binasının (hazırkı Azərbaycan Beynəlxalq Bankı) giriş qapısı

Bayev art-nuvo üslubu ilə yerli memarlıq ənənələrinin təsirlərini ustalıqla sintez etmiş və Bakının memarlığında silinməz iz buraxmışdır. Bayevin layihəsi əsasında inşa edilən art-nuvo binalar onun memarlıq irsinin günümüzə gəlib çıxan nümunələri olaraq hələ də möhtəşəmliyini qoruyur.

Nəticə

Bakının art-nuvo memarlığı sadəcə keçmişin qalığı deyil, bu memarlıq şəhərin kimliyinin vacib hissəsidir. Bu binalar gözəlliklə mədəni irs anlayışlarının unikal şəkildə vəhdəti ilə ziyarətçiləri heyran etmişdir. Bu gün onlar şəhərin keçmişdə baş verən çiçəklənmə dövrünün nümunəsi kimi bizə Bakının öz köklərinə sadiq qalaraq müasirliyi qəbul etdiyi bir dövrü xatırladır.

QEYD: “The art-Nouveau World” veb səhifəsi Bakıdakı art-nuvo üslubunda inşa edilmiş bütün binalarının siyahısı çəmləmişdir.

Müəllif: Qanı Nəsirov
Şəhər bələdçisi | Tədqiqatçı
www.ganinasirov.com